Sizcə, mən dəliyəm?

Sizcə, mən dəliyəm?

İlon Mask bu sualı onun haqqında kitab yazan müəllifə ünvanlayıb:

Sizcə, mən dəliyəm?

İlon Maskı tanımayanlar üçün kiçik bir arayış verim:

1971-ci ildə Cənubi Afrikada doğulan Mask müasir dünyamızın ən populyar insanlarındandır. O, özünün yaratdığı və dünyanın 200 ölkəsində işləyən PayPal ödəniş sistemini 1.5 milyard dollara satdıqdan sonra varlanmış insandır. İlon Mask başqalarından fərqli olaraq həmin pulları ən riskli üç ayrı sektora yatırmış insandır. O, PayPal-ın satışından əldə etdiyi gəliri alternativ enerji sektoru olan "Solar System"ə, elektrikmobil istehsalı ilə məşğul olan "Tesla"ya və kosmik araşdırmalarla məşğul olan "Spase X"-ə yatırıb.

Bəs sizcə, İlon Maks dəlidirmi?

Gəlin təxmin edək: orta statistik azərbaycanlı birdən-birə əlinə keçmiş böyük miqdarda pulu nəyə yatırardı? İlk ağlınıza gələn şəhərdə çoxlu obyektlər və evlər alıb kirayə vermək, həm vəsaiti daşınmaz əmlak şəklində qorumaq, həm də ki aylıq kirayə gəlirləri hesabına daha da artırmaq. Amma İlon Mask bu cür etmir. O, alternativ enerji, elektromobil və kosmik araşdırma işlərinə girir. Üstəgəl də, "Tesla" elektromobilinin istehsalı üçün tələb olunan bütün məlumatları internetdə açıq mənbələrdə yerləşdirir.



Haqqında kitab yazan müəllif niyə "Tesla"nın sirrlərini açıqladığını soruşduqda isə belə cavab verir:

"Təsəvvür edin ki, içinə sürətlə su dolan və batmaqda olan bir gəmidəsiniz. Və siz gəmiyə dolan suyu kənara atmaq üçün qab düzəltməyi bacarırsınız. Siz bu qabı düzəltməyi gəmidəki digər şəxslərdən gizlədərdinizmi?"

İlon Mask, doğrudan da, dəlidirmi?

2016-cı ildə Ankarada Rusiyanın səfiri Andrey Karlov güllələnir. Qatil qısa bir vaxt içində zərərsizləşdirilir. Onun cibindən iPhone 4S telefonu tapılır. Bu telefonun 4 rəqəmdən ibarət bir şifrəsi olur. Türkiyənin, Çinin və Rusiyanın bütün texnoloji dahiləri nə qədər çalışsalar da, bu 4 rəqəmli şifrəni qıra bilmirlər ki, qətli daha da yaxşı araşdırsınlar. Həmin 4 rəqəmli şifrəni qırmaq üçün Türkiyə dövləti Apple şirkətinə 200 min dollar pul ödəyir.

Apple şirkəti həm texnologiya satmaqla məşğuldur, həm də həmin texnologiyanın sirrini bərk-bərk qoruyur. Yeri gələndə həmin sirlər sayəsində əlavə gəlir də əldə edir (Türkiyə misalında olduğu kimi). İlon Mask isə iPhone-dən daha qəliz, daha təkmil bir texnologiyanı açıq mənbələrdə yerləşdirir.

Doğrudan da, o, dəlidirmi?

Əlbəttə ki, yox. İlon Mask daha böyük düşünür. O, qarşısında kiçik hədəflər qoymayıb. Onun hədəfləri daha da böyükdür. Misal üçün, Mars planetinin fəthi. Bu gün çoxlarına gülməli görünə bilər. Amma nəzərə alın ki, bir zamanlar indiki texnologiyalar da insanlara fantastika kimi görünürdü.

Bu məlumatları yazmaqda məqsəd indiki dövrümüzdə texnologiyaların nə qədər önəmli və gəlirli olmağı haqqında bilgi verməkdir. Və bu bilgiyə daha birini də əlavə edim:

Bu günlərdə "Amazon Go" supermarketinin təqdimat videosuna baxdım. Təsəvvür edin ki, marketə girirsiniz, istədiyiniz məhsulu piştaxtadan götürüsünüz və marketdən çıxırsınız. Alış-verişinizin pulu isə avtomatik olaraq bank hesabınızdan çıxılır. Bu proses "Dərin mənimsəmə alqoritmi" (Deep Learning Algorithm) sayəsində mümkün olur. İlk belə market artıq yanvar ayında Amerikada açılıb. Bu marketdə kassir yoxdur. Ödənişi etmək üçün insanlar vaxtlarını kassa önündə keçirmirlər.

Amazon şirkəti bu texnologiyanı yaradıb və sirrini də özündə saxlayır. Gələcəkdə bu texnologiya dünyaya yayılacaq. Amazon şirkəti ilk marketini sınaq üçün açıb. Lakin gələcəkdə həmin texnologiyanı satmaq və xidmət göstərmək sayəsində market işlətməkdən daha çox pul qazanacaq.

Bəs biz ağıllıyıq?

40-50 il öncə dünyanın ən zəngin şirkətləri neft şirkətləri idi. Çünki neft və qaz enerjinin tək mənbəyi idi. Amma indi elə deyil. Dünyada ənənəvi enerji mənbələrinə alternativlər axtarılır. Müəyyən mənada həmin alternativlər özünü doğruldur.

İndiki dövrdə dünyanın ən varlıları texnoloji şirkətlərdir. Bu şirkətlərin büdcələri bir çox hallarda dövlətlərin büdcələrini də aşır. Bu şirkətlər özləri məhsul istehsal etmirlər. Adətən məhsullarını üçüncü dünya ölkələrindəki fabriklərdə sifariş verirlər. Amma texnologiyanı özləri yaradırlar.

Apple şirkətinin Amerikada fabriki yoxdur. Bütün Apple məhsulları uzaq şərq ölkələrində istehsal olunur. Amma texnologiyanı həmin avadanlıqlara Apple yazır. Fəhləlik işini başqasına gördürürlər, zehin tələb edən işi isə özləri görürlər.

Dünyada Sənaye inqilabı baş verəndə biz harada idik? Rus İmperiyasının uzaq bir əyalətində. Deyə bilərik ki, biz o zaman müstəmləkə idik. Ona görə də Sənaye inqilabından kənarda qaldıq. Bəs bu gün? Axı bu gün heç kimin müstəmləkəsində deyilik. Bu gün dünyada texnoloji inqilab baş verməkdədir. Və bu gün biz müstəmləkə deyilik. Dünyadan geri qalmaq bizim haqqımız deyil. Texnoloji inqilab da bizdən yan keçsə, nə cür bəraət qazandıracağıq özümüzə?

Teach.az (mənbə-milli.az)