Aeroportlarda 3D skanerlər sınanır

Aeroportlarda 3D skanerlər sınanır

Londonun "Hitrou" aeroportunda sərnişinlərə mayeləri əl baqajından çıxarmamağa imkan verəcək üçölçülü skanerlərin testi aparılır.

Teach.az Milli.Az-a istinadən bildirir ki, eksperiment çərçivəsində hava limanında kompüter tomoqrafiyası prinsipi ilə işləyən "3D" skanerlər quraşdırılıb. Onların şüaları baqajın içindəki əşyaların təsvirini dəqiqliklə müəyyənləşdirir, eləcə də partlayıcı maddələri aşkarlayır.

Böyük Britaniya Nəqliyyat Nazirliyinin məlumatına görə, texnologiyanın 6-12 ay ərzində sınağı planlaşdırılır. Lakin təhlükəsizlik xidmətinin əməkdaşları hər an qüvvədə olan qaydalara əməl etməyi tələb etmək səlahiyyətinə malikdirlər. Eksperimentin uğurlu olacağı təqdirdə gələcəkdə sərnişinlər tərəfindən yoxlanış üçün şəxsi əşyaların çantalardan çıxarılaraq təqdim edilməsinə ehtiyac qalmayacaq.

Mövcud qaydalara görə, 1 litr həcmli şəffaf möhürlü paketdə qablaşdırılan mayenin tutumu 100 milli-litr həcmindən çox olmamalıdır. Ekspertlərin fikrincə, "3D" skanerlər mayelərin daşınması qaydalarını sadələşdirəcək.

Analoji skanerlərin Nyu-Yorkun Kennedi adına aeroportunda, habelə Cenevrə və Amsterdam hava limanlarında sınaqları keçirilir.