FBI “Facebook”la bağlı araşdırma aparır

FBI “Facebook”la bağlı araşdırma aparır

"Facebook"un milyonlarla istifadəçisinin şəxsi məlumatlarının Britaniyanın "Cambridge Analytica" konsaltinq firmasının əlinə keçməsi ilə bağlı araşdırmalara ABŞ-ın bir neçə federal agentliyi qoşulub.

Teach.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Qəzetin məlumatına əsasən istifadəçi məlumatlarının yayılması ilə bağlı informasiya almaq üçün Federal Təhqiqatlar Bürosu (FBI), Qiymətli kağızlar və birjalar üzrə Komissiya (SEC), eləcə də Federal Ticarət Komissiyası (FTC) sorğu ilə "Facebook"a müraciət ediblər.

"Facebook" 2015-ci ildə müəyyən edib ki, "Cambridge Analytica" ABŞ seçicilərinin psixoloji portretini hazırlamaq üçün istifadəçilərin şəxsi məlumatlarını toplayır. Sonradan məlum olub ki, firma Donald Trampın seçki qərargahı ilə əməkdaşlıq edib. İndi müstəntiqləri maraqlandırır ki, "Facebook" 3 il əvvəl nəyi öyrənib və məlumatların sızmasını hansı səbəblə 3 il gizlədib. Mark Zukerberq və digər "Facebook" təmsilçilərinin Konqresdə verdikləri ifadələr də araşdırılır.

"Facebook" federal qurumlardan sorğular aldığını təsdiqləyib. "Biz ABŞ, Britaniya və digər ölkələrin rəsmi şəxsləri ilə əməkdaşlıq edirik", - deyə şirkətin nümayəndəsi söyləyib.

Federal Ticarət Komissiyasının (FTC) istehlakçı hüquqlarının müdafiəsi bölməsinin sabiq rəhbəri Devid Vladek bildirib ki, Ədliyyə Nazirliyi, FBI, SEC və FTC-nin bu işlə məşğul olmaları ciddi məsələdir: "Bu, müxtəlif cür həyəcan siqnalının mövcud olduğunu göstərir".

Teach.az(lent.az)