ABŞ kiberkomandanlığına yeni direktiv - HÜCUM ƏMRİ

ABŞ kiberkomandanlığına yeni direktiv - HÜCUM ƏMRİ

Donald Tramp administrasiyası ABŞ ordusunun Kiberkomandanlığının səlahiyyətlərini genişləndirərək ona preventiv (önləyici) haker hücumları həyata keçirmək və digər dövlətlərin kompüter sistemlərinə daxil olmaq səlahiyyəti verib.

Teach.az-ın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

İndiyədək ABŞ Kiberkomandanlığı daha çox müdafiə mövqeyi tuturdu və ABŞ şəbəkələrinə sızan düşmənləri zərərsizləşdirmək vəzifəsini yerinə yetirirdi. Komandanlıq nadir hallarda hücuma keçirdi və bu, əsasən son illər internetdə İŞİD terror təşkilatının əməliyyatlarını pozmaq məqsədi daşıyırdı.

Komandanlığın statusunun yüksəldilməsi imkan verir ki, o, hər gün xarici şəbəkələrə daxil olaraq haker alətlərini öncədən neytrallaşdırsın. Yeni strategiya xarici kompüter şəbəkələrində daimi sarsıdıcı fəaliyyət aparmağı nəzərdə tutur. ABŞ hərbi hakerləri qarşısında tapşırıq qoyulub ki, onlar düşmənin ABŞ sistemlərinə zərər vurmasından öncə onların qarşısını alsınlar.

“The New York Times” yazır ki, ABŞ-ın kiberməkandakı düşmənləri Rusiya, Çin və Şimali Koreyadır. Kiberkomandanlığın səlahiyyətlərinin genişləndirilməsinin səbəblərindən biri Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi olub.

Qeyd edək ki, 2017-ci ilin avqustunda prezident Donald Tramp Kiberkomandanlığın silahlı qüvvələrin müstəqil strukturuna çevrilməsi haqqında əmr verib.